M.Ə.Sabir

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 may-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası mənasını və mahiyyətini başa salmadan səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur: "Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda, Mollam da döyür yazı yazanda." Sabir 12 yaşına qədər dini düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir. Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, SəbzivarNişapurSəmərqəndBuxara,Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur. İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu. 1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi. Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olmuş Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi. XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o,"Həyat" qəzetində şer çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil "din xadimləri" Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol